"BAŞQALARI NƏ DEYƏR" DÜŞÜNCƏSİNƏ GÖRƏ ATA BİLMƏDİYİN ADDIMLAR SƏNİ SƏN OLMAQDAN UZAQLAŞDIRIR! BU DÜŞÜNCƏDƏN ƏZİYYƏT ÇƏKDİYİN MƏQAMLARI - ÖZ HEKAYƏNİ PAYLAŞ. ONUNLA MÜBARİZƏYƏ QOŞUL VƏ BAŞQALARINI DA RUHLANDIR. BAX GÖR "BAŞQALARI NƏ DEYİR?!"

SƏNİN HEKAYƏN

 57. Heç vaxt başa düşməmişəm, nəyə görə çox zaman digər insanların fikirlərinə görə qadınlar istədikləri kimi geyinə bilməz, istədiyi insanlarla dost ola bilməz, istədiyi yerdə gəzə bilməz. Çox təəssüf ki, belə mənasız şeylərə baxaraq qadının tərbiyəsi ölçülür. Xüsusən də, 21-ci əsrdə dünyada bundan daha vacib məsələlər varkən. Əgər kiməsə danışsan, özün günahkar çıxacaqsan. Əlbəttə ki, belə ədalətsizliklər və hətta diskriminasiya ilə mən də üzləşmişəm. Mənim yaxınlarım və tanışlarım da. Sadəcə, demək istəyirəm ki, müasir Azərbaycan qadınları ilə çox fəxr edirəm. Heç vaxt inanmayın ki, siz daha az hüquqa, daha pis münasibətə laiqsiniz.

 

- Anonim, 18 yaş

 56. İnsanların mentalitet deyə-deyə danışmağını başa düşmürəm. Qız və ya gəlin olduğun qaşından bilinməlidi, qaynana ilə yasamayan gəlin tərbiyəsizdi, özünü müdafiə edən qadının dili uzundu və ya əxlaqsızdı, qısa geyinən bəlkə də heç qız uşağı və s. kimi  iyrənc, geridə qalmış fikirlərlə doludur ətraf. Bəs axı niyə bu cəmiyyət kişilərin qadını şiddət göstərməyinə, söz atmağına, yaşından asılı olmadan baxışları ilə qarşısındakı qadını narahat etməyinə heç nə demir?!

~ Aynur, 30 yaş

 

 55. Ölkədə hələ də qadınların menstruasiya olduğu zaman utanma hiss etməli olduğunu diktə edən market və apteklər mövcuddur. Hətta ağrıkəsici istəyəndə belə, aptek işçisinin üzündəki cizgilər elə dəyişir ki, elə bil narkotik istəmisən. Aldığın məhsulu 3 dənə şeyə büküb verirlər, elə bunu əsasən də qadın olan işçilər edir. Lazım deyil deyəndə: "ayıbdır axı, necə aparacaqsınız" - deyə soruşular hələ. Bu da qadınlara qarşı olan bir tabu deyilmi? Niyə utanmalıyam mən? Yıxın da artıq beyninizdəki bu sərhədləri!

~ Əminə, 27 yaş

 

 54. Mən ailəmin istəyi ilə ailə həyatı qurdum. Atamın tanışları idi deyə ailəm məndən soruşmadan razılıq vermişdi. 23 yaşında ərə verildim. 2 övladım var idi, həyat yoldaşımın həyatında başqa qadın olduğunu öyrəndim. Ondan bunu soruşanda isə "artıq rahatladım, öyrəndiyin yaxşı oldu, amma narahat olma boşanmarıq" demişdi. Mən bunu ailəmə dedim və boşanmaq istədiyimi də bildirdim. Ailəmin mənə dediyi isə daha da dəhşətli idi: Kişidir, bir az gəzib yenə gələcək. Sizi atmayıb ki". İş axtarmağa başladım və işə qəbul oldum. Boşandım. Uşaqlarıma özüm baxmağa çalışıram. Boşanandan sonra bir müddət ailəmlə danışmadım. Mən gəncliyimi hədər etmişəm, amma uşaqlarımın həyatını puç etməyinə imkan vermiyəcəm. Uşaqlarıma öz həyatları üçün doğru bildikləri addımları atanda onlara əngəl olanlara qarşı mübarizə ruhunu aşılağama çalışıram. 

~ Anonim, 45 yaş

 

 53. Əkiz qardaşım var. Eyni bağçaya və eyni məktəbə getmişik. Sinifdə sinif yoldaşlarımla danışmağa qoymurdu məni. Özü isə qızlarla danışırdı, otururdu, deyib-gülürdü. Ailəmə dəfələrlə dedim ki, bu vəziyyətlə barışa bilmirəm. Onda mənə: "o sənin qardaşındı, səni qoruyur, düz eləyir" - deyilirdi. İndi hamiləyəm və bir oğlum olacaq. Onu "oğlan hər şeyi edər, nə desə düzdü, qızlardan üstündü" - kimi fikirlərlə böyütməmək üçün əlimdən gələni edəcəm.

~ Anonim, 23 yaş

 

 52. Universitetdə oxuduğum müddət ərzində aktiv tələbə həyatı yaşamağa çalışırdım. Məndən 2 yaş balaca qardaşım da eyni universitetdə təhsil alırdı. Mən öz qrup yoldaşlarımla görüşməyə getdiyim vaxt evdə mama tikan üstündə otururdu ki, bəs atan bilsə, mən ona nə deyəcəm. Qardaşım isə öz qrup yoldaşı olan qızlarla və oğlanlarla görüşürdü. Nəticədə, o oğlan olduğu üçün, "heçnə olmaz" - deyilirdi. 2 yaş məndən balaca olmağı və onun da görüşdüyü uşaqların arasında qızların olmağı ailəm üçün problem olmurdu. Qadın və kişi bərabərliyini hələ də fiziki güclə ölçürlər.

~ Sabina, 24 yaş 

 

 51. Atam başqa ölkədə yaşayır. İldə 1-2 dəfə görüşürük. 3-4 il əvvəl Facebook hesabı açdı və mənə dostluq göndərdi. Sevindim əslində ki, nəhayət adam müasirləşir. Mənim səhifəmdə oğlan sinif yoldaşım ilə son zəngdən şəklimizi gördü və dedi: "bir də elə şəkil görsəm, kompyuteri qıracam və internetə girə bilməyəcəksən". Şəkli sildim. Normalda sosial şəbəkələrdən aktiv istifadə edirəm, gündə çoxlu məlumat və video paylaşıram. Ancaq bu atamın heç xoşuna gəlmirdi ki, qız uşağı ağır olar. Mən də başladım FB-da olan bütün şəkil və postlarımı atamnan gizli etməyə. Halbuki biz də ata-qız münasibəti ilə yanaşı həm də dost ola bilərdik. O da, hamı kimi mənə şərh yaza bilərdi, ürək ata bilərdi. Niyə də yox?! Ancaq dövrlə ayaqlaşmayanların bundan qaçmaq üçün gətirdiyi mənasız qadağalar sonda onlardan uzaqlaşmağımıza və dediklərini qulaq ardına vurmağımıza səbəb olur. Əgər mən nəyisə etmək istəyirəmsə və bu hərəkətim ilə başqalarına bir ziyan gəlməyəcəksə, onsuz da onu edəcəyəm. Nə olar ki, sə də bircə dəfə qarşımda yox, yanımda olasan?...

~ Fəridə, 24 yaş

 

 50. Burda yazılmış helayələri oxudum, aralarında biri var idi ki, mənim də başıma gəlib. Mənə də sevgilim ilə xaricə getməyə icazə vermirdilər. Çünki düşünürdülər ki, birdən hisslərə qapılıb, intim yaşayarıq. Başa sala bilmirdim ki, o hisslər burda - Azərbaycanda da ola bilər. İstəsəm, günü bugün istədiyim adam ilə intim yaşayaram. Ölkənin nə fərqi var ki?! Əgər sən ailə qurmamısansa, intimdən danışmaq bizim ölkədə tabudur. Bir də insanlar burunlarını başqalarının şəxsi həyatına soxmaqdan əl çəkə bilmirlər. Mən özüm fikir verməsəm də, ailəm başqalarının dedikləri ilə yaşayır. Mən də onlara tabe olmağa məcburam. Ancaq ümid eliyirəm, bizim nəslin çəkdiyi bu çətinlikləri sonrakı nəsil görməyəcək.

~ Anonim, 24 yaş

 

 49. Bu yaxınlarda başıma gələn bir hadisəni paylaşmaq istəyirəm. Özümü tək hiss etdiyim bir vaxtda, bir məkanda mənə çox köməyi olan biri çıxdı qarşıma. Xeyirxah hərəkətləri ilə məni dünyada hələ də yaxşı insanların olduğuna inandırdı. Ancaq daha sonra mənə qarşı düzgün olmayan bir hərəkət etdi... Sonrasında peşman oldu, o heç... Ancaq artıq gec idi, çünki bu hərəkəti ilə tək ona yox, ümumilikdə insanlığa qarşı münasibətimi sorğulatdırdı mənə. Bir də ən çox düşündüyüm o idi ki, həmin an başıma gələnləri bölüşə biləcəyim heç kim yox idi ətrafımda... Çünki danışsam, sanki məni günahkar çıxaracaqlarmış kimi hiss etdim... Axı bizim mentalitet bunu tələb edir. "Əgər bir kişi qadına qarşı düzgün olmayan hərəkətə yol veribsə, günah o qadındadır ki, o cür geyinmişdi, o cür yaxınlıq edirdi, düzgün formada etiraz etməyib" və s. və i. Özlüyümdə bunun doğru olmadığını bilsəm də, beynimə yeridilənlər bu olduğundan ilk etdiyim də məhz günahı özümdə axtarmaq oldu...

~ Anonim, 23 yaş

 

 48. Mən də öz hekayəmi paylaşmaq istəyirəm. Ailəmlə birlikdə rayonlarımızdan birində yaşayırdım. Məktəbi bitirdiyim zaman, atam məni evləndirməyi düşünürdü. Ancaq mən istəmirdim, ali məktəbə daxil olmaq istəyirdim. Hazırlığa getmək üçün də icazə vermirdiler. Pulum olmadığı üçün özüm evdə hazırlaşmağa başladım. İmtahana gizlin getdim. Nəticədə qəbul olmağım barədə xəbər alanda sevincimin həddi yox idi. Ancaq evdə bunu deyende atam əsəbləşdi, məni özbaşınalıqda günahlandırdı və heç yerə getməyəcəyimi dedi. Anam da bu məsələlərdə səsini çıxarmırdı. Bakıda yaşayan bir xalam var, onunla əlaqə saxladım və yalvardım ki, mənə kömək eləsin. O da məni öz yanına gətirdi. Hazırda təhsilim davam edir və uğurla bitirəcəyimə əminəm. Daha sonra nə olacaq bilmirəm, amma öz ayaqlarım üzərində durmağa qərarlıyam. Ən yaxınlarım belə olsa, başqalarının məni geri salacaq sözlərinə qulaq asmayacam. Ümid edirəm ki, qızların heçnədən çəkinmədən oxuya ve işləyə biləcəyi zamana az qalıb...

~ Anonim, 21 yaş

 

 47. Uşaqlığım və gəncliyim məni təzyiq altında saxlayan bir ailede keçib. Həmişə ağatlı şahzadənin gəlməyini gözləyirdim. Evlənmək mənim üçün azadlıq demək idi, çünki həmişə "ərə get, ərin icazə verər, gedərsən... ərə get, ərin icazə verər, geyinərsən" - kimi sözlərlə böyüyürdüm. Tək mənə deyilmirdi bu sözlər, rəfiqələrim də eynilərini eşidirdi, ona görə buna inanaraq böyüdük. İndi isə, ümidvaram yaşım çatır ki, gənc qızlara məsləhət verim. Oxuyun, iş sahibi olun, öz həyatınız üzərinizdə özünüzün söz demək haqqınız olsun. O zaman çox şey deyəcəklər, danışacaqlar, amma öz həyat hekayənizi sadəcə siz yazmış olacaqsınız. 

~ Anonim, 40 yaş

 

 46. Mən təhsilimi xaricdə almışdım və 17 yaşımdan bəri Azərbaycana çox gəlmirdim. Elə alındı ki, universiteti bitirdikdə bura qayıtmalı oldum. Oxuduğum müddətdə bir oğlanla yaxınlaşmışdım və sevgili olmuşduq, daha sonra məni görməyə bura gəldi. Ancaq küçədə əl-ələ gəzərkən, ya qucaqlaşarkan və öpüşərkən ətrafdakıların baxışlarından özümü sanki əxlaqsız bir hərəkət edirəmmiş kimi hiss edirdim. Uzun müddətli fasilələrlə ayrı qaldığımız üçün sevgilimdən ötrü çox darıxıram və o bura gələndə onunla bacardıqca daha çox yaxşı vaxt keçirmək istəyirəm.  Sonrakə gəlişlərində özümü ətrafdakıların baxışlarını görməməyə məcbur etdim. Qoy, nə deyirlər, desinlər. Onlar mənim arxamdan 5-10 dəqiqə qeybət edəcək, daha sonra mənim üzümü belə xatırlamayacaqlar, ancaq mən onların baxışlarının izlərini uzun müddət özümlə daşımalıyam. Elə şey yoxdur!

 

~ Sevinc, 28 yaş

 45. Başqalarının nə deyəcəyi, nə düşünəcəyi mənim vecimə də deyil! Bu yaşa kimi necə düşünmüşəm, elə də yaşamışam. 

~ Səbinə, 25 yaş

 

 44. İnsanlar həyatının bir qismini başqalarını məmnun etmək, onların qınağına səbəb olmamaq üçün yaşayır. Zaman gəlir və anlayırsan ki, bu sənin həyatındır. Əgər ən çətin zamanlarında başqaları deyil, sən mübarizə aparırsansa, nəyə görə arzu və xəyallarından başqalarına görə məhrum qalasan?! Başqaları özləri ilə məşğul olsalar, özlərində kifayət qədər qınaq yeri taparlar. İkinci dəfə həyata gəlmə şansı olmadığına görə, fikrimcə, insan özü öz həyatının rəssamı olmalıdır.

~ Gül, 37 yaş 

 

 43. Mənim üçün başqası deyə biri yoxdur. Bugünə kimi nə yaşamışamsa: yaxşı-pis, səhv-doğru - bunlarla mən "Mən" olmuşam... Bir sözlə, mənim həyatımda mənim qərarlarım, mənim sözüm keçər... Başqası sadəcə müşahidəçi qismində kənarda qalar...

~ Anonim, -

 

 42. 29 yaşıma qədər öz istədiyim kimi yaşamağa çalışmışam. Ali təhsil aldım, eyni zamanda həm də işlədim. Özüm öz maddi tələbatlarımı ödədim. Nə ata-anaya, nə də bir başqa adama ağız açıb nəsə istəmədim. O yaşa kimi çox elçi gəldilər, söz göndərdilər. Heç kim ürəyimə yatmadı. Bəlkə də, qismət belə imiş. Qonşular, qohumlar ömrümü-günümü çürütdü üstüörtülü eyhamlarla. Gah dedilər, birini seç get, yoxsa deyəcəklər sevgilisi var, oturub-durduğu var. Gah dediler, bəlkə qızlığı yerində deyil, ona görə ərə getmir və s. Tükürpədici psixoloji təzyiqlər... Bir uzaq qohumla tanış elədilər. İlk vaxtlar hər şey çox ideal idi. Hətta bu yaşacan gözlədiyimə şükr edirdim. İki ay nişanlı qaldıq, tez zamanda toyumuzu elədilər... Dəmdəsgah başladı; qohumların atmacaları, evdə gəlinə söz atmalar, ərin iradəsizliyi. Beləcə, gəlib-çıxdı şiddətə. Fiziki, mənəvi, psixoloji. Bir qız övladım var - 2 yaşında. İkinci övladıma hamilə olduğumu bilə-bilə axırıncı dəfə döydü məni yoldaşım deyilən şəxs. Hamı mənə: "döz, səbrli ol"-dedi. Mən də dözə-dözə artıq məhkəməyə ərizə vermişəm boşanmağa. Peşman da deyiləm. İnsan kimi yaşamaq hərkəsin haqqıdı. Heç bir qadın ailəsi dağılsın və bir adı iki olsun deyə boşanmır. Hamı xoşbəxt olmaq istəyir - mən də həmçinin... Mənim qızıma sağlam və güclü ana lazımdır, ailədə hörmətsizlik və təzyiqdən xəstə düşən ana yox. Hamıya uğurlar.

~ Anonim, 32 yaş

 41. Başqalarının söylədiklərini önəmsəməmək heç də doğru deyil. Bəzən buna da ehtiyac duyulur. Elə olsa, hər kəs balansını itirər, amma başqalarının fikrinini müəyyən hədlərlə önəmli tutmaq lazımdır. Идея неуместна заботиться о том, что говорят другие, иногда это необходимо.

~ Leyla, 18 yaş

 

 40. Mən "Başqaları nə deyər?!" fikrinə heç vaxt fikir verməmişəm və buna peşman deyiləm. Məndə epilepsiya xəstəliyi var və bu elə xəstəlikdir ki, tutmanın, yəni ürək getməsinin nə vaxt olacağını bilmirsən. Bununla belə, cəmiyyət içinə çıxırdım. Tutmam olsa belə... Kiminsə nəsə deməsi məni maraqlandırmırdı çünki... Bir gün məni sevən biri çıxdı qabağıma... İllər imiş ki, məni sevirmiş, izləyirmiş... Xəstəliyim olduğunu dedim. Məni bu halımla belə qəbul etdi. Nişanlandıq... Bir gün qaynanamgilə getdiyimdə mənim tutmamı gördü və dedi: "Mən bundan, yəni xəstə olmağından utanıram. Bunu özümlə heç bir yerə apara bilmərəm. İstəmərəm ki, mənim xəstə gəlinim olsun. Başqaları nə dəyər?" Bu sözlərdən sonra oğluna nə dediyini bilmirəm, amma bizi ayırdı. Nişanı qaytardılar... Bununla belə, yenə də mən özümdən utanmıram. "El-aləm nə deyər?!" deyə-deyə mənim evimi yıxdılar. Ona görə də, kiminsə nə dediyinə fikir verməyin. Həyatınızı yaşayın. Həyat gözəldir və davam edir. Məni sevdiyimdən ayırdılar. İstəmərəm başqa biri mənim kimi əziyyət çəkə. "Başqaları nə deyər?!" fikrinə qoşulub növbəti qurban siz olmayın.

~ Anonim, 25 yaş 

 

 39. "Başqaları nə deyər?" - deyə bir hekayəm yoxdur yazacaq. Amma onu bildirmək istəyirəm ki, hər birimiz birər başqasıyıq; sən, mən, o, bizlər birləşərək başqalaşırıq. Gəlin cəmiyyəti dəyişmək üçün əvvəlcə öz ürəyimizdən başlayaq. Hər kəs, hər kəsdən şikayətçi... Hər kəs başqalarından gileyli... Heç düşünmüsünüzmü, biz də kimlərinsə başqasıyıq. Elə bugün, öz ürəyindən başla və özün üçün yaşamağa imkan ver. Sabah dəyişərəm demə, bugündən başla ...!

~ Şəfa, 25 yaş

 

 38. Məncə, bu cəmiyyətdə ağıllı qadının əxlaqsız kimi göstərilməsi ən böyük problemdir. Oğlanların çoxu evlənmək üçün özündən balaca və dünya görüşü az olan qadın axtarır, çünki sözünü ona keçirdə bilmək istəyir. Sonra da biz özümüzə düşüncə baxımından uyğun insan tapmayanda "bu qız evdə qalacaq, adımızı batıracaq" təzyiqlərinə məruz qalırıq. Camaat fikrindən bizim kimilər deyil, ailələrimiz daha çox qorxur. Ona görə ilk öncə bu fikirdən qorxmamağı onlara aşılamaq lazımdır.

~ Səadət, 29 yaş

 37. Mən peşə məktəbini bitirmişəm. Bir neçə il öncə ailə həyatı qurdum. Universitetə atam icazə verməmişdi və evləndikdən sonra həyat yoldaşım bir söz deməz deyə düşünürdüm. Lakin o da peşə məktəbini bitirdiyi üçün universitet oxumağımın lazım olmadığını dedi. Hazırda hamıdan gizlin universitetə hazırlaşıram. Bəli, "camaat nə deyər?" düşüncəsinə görə natamam təhsil aldım, amma heç nə üçün gec deyil...

~ Lamiyə, 25 yaş

 

 36. Mən Bolqarıstan vətəndaşıyam və azərbaycanlı ilə evlənmişdim. Böyüdüyüm ailədə heç vaxt başqalarının düşüncəsini nəzərə alaraq yaşamamışam. Həyat yoldaşımla xarici ölkələrdən birinə olan səfərim zamanı tanış oldum. İşi və ailəsi Azərbaycanda olduğu üçün evləndikdən sonra burada yaşamaq istədi, mən də razı oldum. Ancaq burdakı həyata öyrəşmək mənə çətin gəlir. Burada olanda hətta geyindiyim geyimə belə fikir verməli olduğumu öyrəndim, çünki sizlər bu qədər önəmsiz bir şeyə çox diqqət edirsiniz. Azərbaycanda insanların mənə olan baxışlarından narahat oluram. Həyat yoldaşım heç nə demir, amma küçədə insanlar nəsə deməsin deyə mən özümə diqqət etməli oluram. Kaş ki, hər kəs öz işi ilə məşğul ola biləydi və başqalarını narahat etməməyi öyrənərdi.

~ Anonim, 30 yaş

 

 35. Mən uşaqlıqdan basqıcı bir ailədə böyümüşəm. Evdən çıx, dərsə get, dərsdən çıx, evə gəl. Hər addımım, hər hərəkətim ailəm və qohumlarım tərəfinden izlənib. Evləndirildim və bu dəfə də eyni problemleri həyat yoldaşım tərəfindən yaşamağa davam ettim. Uşaqlıqdan "camaat nə deyər"i fikirləşməyə o qədər öyrənmişəm ki, səs çıxarda bilmirəm heç nəyə. Təkcə bunu bilirəm ki, öz övladlarımı belə böyütməyəcəm.

~ Anonim, 36 yaş

 

 34. Gənc yaşda ailəmin təzyiqi nəticəsində tanımadığım biri ilə evləndirildim. Evlilik mənim üçün əzab-əziyyətdən başqa bir şey olmadı. Evləndiyim şəxs məni təhqir edir, döyürdü. Bir neçə dəfə bunları ailəmə bildirdim, lakin onlar: "boşanan qadına camaat nə deyər, biz küçəyə necə çıxarıq?" sözləri ilə saxladılar məni. Hamilə vaxtı məni döydüyünə görə övladımı doğulmadan itirdim. Sonunda boşandım... 7 il evliliyin ardından insanların nə deyəcəyini düşünmədən...

~ Sevda, 40 yaş

 

 33. Heç vaxt bu düşüncədə olmamışam. Buna görə də özümlə qürur duyuram.

~ Səma, 25 yaş

 32. Mən Vüsalə, 27 yaşım var. 1 övladım var və ailəmdən ayrılmışam. Səbəb elə məhz "camaat nə deyər?" düşüncəsi ilə öz həyatlarını məhv etmiş və üstəlik bunu mənə də yeritməyə çalışan həyat yoldaşım və ailəsi idi. Heç vaxt qəbul etmədim bunu. İdman ilə məşğul olmaq istədim, həyat yoldaşım: "dəlisən, məni baltalayarlar e" - dedi; rəqsə getmək, yarım qalan gitara dərslərimi tamamlamaq istədim: "sən artıq uşaq deyilsən, camaat deyəcək ki, bu da gəlindi uşağını atıb gitara çalır" - dedi, elə ailə üzündən gecikmiş karyeramı qurmaq istədim: "bizdə işləyən qadına pis baxırlar, sən indi gedib kişilərlə eyni otaqda oturacaqsan ki, iş görürsən?" - deyildi. Mən nə sizin, nə də başqalarının düşüncəsinə görə həyatımı  formalaşdırmayacam. Mənim içimdəki uşağı öldürürdülər, həyat dolu, sevgi dolu, pozitiv, aktiv, daim oxumaq, yeni bir şeylər öyrənmək həvəsində olan məni məhv edəcəkdilər. Nə haqla? Mən bu haqqı heç kimə vermədim. Hal-hazırda oğlum bağçaya gedir və etmək istədiyim əyləncə, idman, səyahət, hobbi, təhsil və karyerada lazım olan bütün aktivliklərlə məşğul oluram. Kimin nə deyəcəyini düşünmədən, başımı aşağı salıb öz həyatımı və oğlumun həyatını sadəcə öz istədiyim kimi qurmaq üçün çalışıram. Ən əsası odur ki, mən xoşbəxtəm!

~ Vüsalə, 27 yaş

 31. 14-17 yaş aralığı xaric olmaqla "camaat nə deyər" - deyə düşünməmişəm. Ondan əvvəl bu anlayışı qavramadığıma görə, ondan sonra isə qavradığıma görə. "Camaat nə deyər" - deyə düşünmək lazımdır bəzən. Çünki özümüzün verdiyi düşüncəsiz, ani bir qərar bizə mənfi təsir göstərə bilər. Arada düşünmək lazımdır: "Camaat nə deyir?:)"

~ Türkan, 20 yaş

 30. Anamın hormonlarla bağlı problemləri olduğundan, bu, mənə də keçib və uşaqlıqdan bəri çox tüklü olmuşam. Məktəbdə oğlanlar məni lağa qoymasın deyə gizlincə qaşımın ortasını almağa başladım. O zamanlar həm də qaşlarımdan utandığım üçün onları gizlətməyə çalışır və çolka saxlayırdım. Bu da nəticədə alnımın daha çox tüklənməsinə yol açırdı. Bir gün evdəkilər ilə kəndə getmişdik. Yerdə anamın ayağının üstündə uzanmışdım, anam da saçımı oynadanda çolkamı çəkib qaşımın ortasındakı tükün azaldığını gördü. Çox deyinmədi, amma "gəl, hamısını düzəldək" də demədi. Çünki əsasən kənd yerlərində, bəzən də şəhərdə rastımıza çıxa biləcək "ərə getməyən qız qaş almaz" düşüncəsindən çəkinirdi. İndiki oğlanlar çox qızları tükə görə lağa qoyur və bu hal psixoloji təsir edir. Tükü almaq da, almamaq da kimlərinsə sənin haqqında fikir yürütməyinə, sənin xarici görünüşünə görə səni mühakimə etməyinə yol açır. Mənə elə gəlir ki, günah oğlanların analarındadır. Gərək analar bunu onlara başa salsın.

 ~ Fəridə, 24 yaş

 29. Nənəm mənə öz hekayəsini danışdı. Mən də sizinlə paylaşmaq istəyirəm. Nənəm məktəbində əlaçı imiş. Lakin sonuncu sinifdə oxuduğu zaman anası rəhmətə gedib və ən böyük uşaq nənəm olduğu üçün özündən balaca bacı-qardaşlarına baxmalı olub. Buna görə də, məktəbini yarıda saxlamaq məcburiyyətində qalıb. Lakin insanların dediklərinə fikir vermədən xəyallarından heç vaxt əl çəkməyib. Bacı-qardaşları bir az böyüyüb boya-başa çatdıqdan sonra məktəbə davam edib. Daha sonra tibb bacısı olmaq üçün peşə məktəbinə qəbul olub. Bu məktəbi də böyük nailiyyətlə bitirib. Öz bacı-qardaşlarının, hətta sonra öz uşaqlarının da təhsili ilə yaxından maraqlanıb. Mən nənəmin bu həyat hekayəsini dinlədiyim zaman çox qürurlandım. Ümid edirəm ki, bu hekayə başqalarını da mənim kimi ruhlandırar. 

~ Nərgiz, 19 yaş

 28. Biz qızlar elə bir şəraitdə böyüdülürük ki, evlənmək bizlər üçün sərbəstlik kimi gəlir. Evlənəndə gedərsən, evlənəndə geyinərsən və s. Belə cümlələri çox eşidirik çevrəmizdən, ona görə də, tez zamanda kimisə tapıb xilas olmaq istəyirik. Mən də ömrümün bir hissəsində belə fikirləşmişəm. Bir neçə il əvvəl bir oğlanla tanış oldum və ilk başlarda çox gözəl münasibət yaratdıq. Lakin bir müddət sonra bu oğlan tərəfindən də sərbəstliyim əlimdən alınmağa başlandı. Onu geyinmə, bunu eləmə, belə oturma, belə gülmə və s. O zaman anladım ki, azadlığımız ancaq öz əlimizdədir. Qızlar, filmlərdəki, ya da nağıllardakı kimi ağatlı şəhzadə gözləməyin. Özünüz öz qəhrəmanınız olun.

~ Səkinə, 25 yaş

 27.  9-cu sinifdə oxuduğum vaxt uzaq qohumumuz mənə elçi gəldi, ailəm də sorğusuz-sualsız "hə" dedi. Özlərinə maraqlı olan sualları vermişdilər: ev, maşın, iş və s. Ancaq heç kim məndən soruşmadı ki, bu insanla evlənmək istəyirsənmi. 10-cu sinifdə peşə məktəbinə qəbul oldum. Təhsilim bitti və 6 il nişanlılıqdan sonra toy ettik. Həyat yoldaşım yaxşı insandır, indi övladımız da var. Mənim bəxtim gətirdi ki, yoldaşım məni, mən də onu sevə bildim. Amma hələ də fikirləşirəm ki, ailəm "camaat nə deyər" qorxusu ilə məni birinə verdi ki, oxuyuram deyə adlarına söz gəlməsin.

~ Anonim, 23 yaş

 

 26. Bu günə kimi həyatımda etmək istədiklərim çox olub, hətta bilsəm ki, ailəm buna razı deyil, yenə də bunları etmişəm. Çünki insan həyata bir dəfə gəlir, buna onun yerinə başqaları yox, özü qərar verməlidir. Qısa ətək geyməyəsən ki, ətraf sənin ətəyinin ölçüsünə görə ad qoyacaq. Əgər bir “insan” parçaya görə sənə ad qoyacaqsa, onun nə cür beyində olduğunu danışmağa dəyməz belə. Yaxud gecə çölə çıxan bir qıza bu ölkədə edilənlər... Lazım olsaydı dünyada təkcə kişilər olardı, qadınlar olmazdı. Biz varıqsa, deməli bizim də haqqımızdır; gecə çölə çıxa bilmək, bizə verilən bu yaşama şansından tək başımıza yararlanmaq. Bu dünyada biz olmasaq, insan nəsli arta da bilməzdi. Buna görə də, qadın təkcə ana olmaq, evdar qadın olmaq məcburiyyətində deyil! Evdə ərini gözləyən, qardaşının, atasının təzyiqlərinə məruz qalan bir robot olmalı deyil! Hər qadın yaşamağa və xoşbəxt olmağa layiqdir. Əgər bir qadını qorumaq üçün ona qadağalar qoymaqla bir ömür sürdürəcəksinizsə, onda siz də onun kimi olun - siz də onun yanında olun. Axı qadın da sizin kimi canlıdır. Əgər yaradılışınız fərqlidirsə, bu o demək deyil ki, siz onu əzə bilərsiniz. Bu günə kimi istədiklərimin çox azını etmişəm, amma əlimdə olsa, daha da çoxun edərdim. Bu həyatı kiməsə görə, kiminsə istəyinə görə, fikirlərinə görə, "başqaları nə deyər"ə görə çərçivələndirməyin. Çünki yaşınız çoxaldıqca yığdığınız peşmançılıqlar artacaqdır... 

~ Anonim, 22 yaş

 25. Dünən bacımın toyu oldu. Onun toyuna çiyin hissəsi ipli olan don geyindiyimə görə təzyiqlərə məruz qaldım və bugün atam evdə o donu qayçı ilə paramparça etdi ki, abırsızsan. Qohum-qonşunun sözünü yerə salmayan atam mentalitetə boyun əyməklə yaşayıb. 24 yaşıma qədər bacarmasam da, 4 ildir ki, çalışıram başqaları üçün deyil, özüm üçün geyinim, başqası üçün yox, özüm üçün xoşbəxt olum, başqasını deyil, öz ürəyimi xoşbəxt edim. Heç kimə də təslim olmaq niyyətim yoxdur. Ali təhsilim, evim, maşınım, öz işim olduğu halda, hələ də qohum davasının içində olmaq məni dəli edir. Ayaqüstə durmağa çalışdıqca, yıxmağa çalışırlar və nə olursa olsun, mən içimdəki ÖZÜMÜ dəyişməyəcəyəm.

~ Günay, 28 yaş

 

 24. Yeniyetmə vaxtlarımda bu cür təzyiqlərə mən də məruz qalmışam... Amma özümü dərk etdiyim zaman bu təzyiqlərə fikir verməməyə başladım... İstədiyim kimi geyindim, gəzdim, istədiyim hər şeyi etdim və nəyisə edəndə düşünmədim ətraf nə deyər... İndi də eləyəm. İstədiyim yerdə, istədiyim zaman oxuya, oynaya bilərəm. Fikirləşmirəm ki, ətrafımdakı insanlar nə düşünər, mən belə istəyirəm o anda... Qadınların futbol marağı ətrafda yaxşı qarşılanmır. Hamı deyir: "Qadın nədi, futbol nədi, tribunaya getmək nədi" Mən bunları düşünmədən tribunaya gedirəm. Əvvəl zamanlarda hamıya - qohum-qonşuya təəccüblü gəlirdi. Amma artıq öyrəşiblər. Hətta qarşı cinsin bir çox nümayəndəsi futbol hesablarını, oyunların vaxtını məndən soruşur. Qısacası, bu həyat bir dəfə verilir, onu ətrafımız nə deyər deyə düşünərək yaşamayın...

~ Anonim, 34 yaş

 

 23. Əslində mən jurnalist olmaq istəyirdim. Çox gözəl şeir ifa edə bilirəm. Səhnədə özümü çox xoşbəxt hiss edirdim. Ancaq evdən icazə vermədilər: "Ayıbdı, camaat nə deyər? Get, ailə qur!" İndi ailəliyəm və 2 uşağım var. Hələ də güzgüdə özümə baxanda fikirləşirəm ki, mən bu deyiləm. Məncə, kim nə deyir desin, arzular xəyallarda qalmamalıdır...

~ Anonim, 28 yaş

 22. Yaşım azdır, lakin təəssüf ki, bu az yaşda gördüklərim az deyil. İlk dəfə xoşum gələn oğlanla telefonla yazışdıqda bunu valideynlərim bildi və pilləkənlərdən aşağı saçlarımdan yolaraq sürüdülər. O vaxtdan burnum sındı və hələ də nəfəs almamda problem var. O gün o qədər psixoloji təzyiq olundu ki mənə... İşgəncə etmək əvəzinə məni birbaşa öldürmələrini istədim. Atam razılaşdı və xoşluqla bu əzablara son verməsi üçün arxasınca getdim. Anamın heç nə olmamış kimi sakitliklə bunu qarşılaması mənə bir zərbə oldu, lakin bacım araya girdi və izn vermədi qətlimə... İllər keçib, o anlar həyatımın ən çətin anları oldu. Hansı ki, bir gün belə unuda bilmədim bunları. Təhsil alıram, özümə görə qazandığım nailiyyətlərim var, layihələr həyata keçirirəm, amma "başqaları nə deyər" mövzusunda dəyişən heç nə yoxdur. "Şşt güləndə səsin çıxmasın, qonşular eşidər, sonra nə fikirləşərlər?" :)  

~ Səbinə, 24 yaş

 21. Mənim 20 yaşım vardı... İstəmədiyim biri ilə ailəmin təkidi nəticəsində nişanlandım, düşünürdüm ki, ailəm seçibsə, yaxşı olar. Sonra anladıqda ki, bu adam mənlik deyil, dəfələrlə nişanı qaytarmaq istədim, ancaq qoymadılar. Dedilər ki, el-aləm nə deyər?! Toy günü toyumdan qaçmaq istədim... Yaxın bir adamımı çağırıb dedim ki, bu inanlar mənə qan udduracaq, qaçmaq istəyirəm... Dedi: "Ailəni düşün, camaat nə deyər?!" Xülasə... Evləndim... İndi bir övladımla təkbaşıma qalmışam. Həm el-aləm, həm də vaxtilə onların nə deyəcəyini düşünənlər indi köməyimə çatmır. Düzdü, mübarizə aparıram, təhsilim də var... Ancaq çox çətindi... Deməyim odur ki, siz siz olun, kim nə deyir desin, ürəyiniz istəməyən yerə getməyin. 

~ Anonim, 31 yaş

 20. Anam və atam ayrı dünyaların insanlarıdı. Elə oldu ki, o vaxtı evləndilər. Anam illər boyu əziyyət çəkdi (vaxtı olsa, o da bura yazacaq öz hekayəsini). Hər dəfə boşanmaq istədikdə anamın qohumları: "Yox, hələ boşanma - yeni evlisən, bəs camaat nə deyər?!; boşanma - yenicə uşaq dünyaya gətirmisən, tək baxa bilməzsən; boşanma - uşaqlar məktəbə gedir, "camaat nə deyər?!"; boşanma - uşaqlar universitetdə oxuyur, ayıbdı" dedilər. Belə-belə anam 22 il əziyyət çəkdi, ancaq sonunda boşandı... Nə olsun ki... Bu evlilik hamımızı bədbəxt etdi... Kişilər ilə ünsiyyət qurmaq bizdə problemə çevrilib. Camaat heç nə deməsin deyə özümüz əziyyət çəkdik, onlar sussun və sevinsin. Bütün bunlara görə, özüm heç vaxt boşanmağın əleyhinə deyiləm. Əgər gələcəkdə ailə qursam, ancaq alınmasa, boşanacam. Niyə həm özümə, həm də digər tərəfə əziyyət verim. Hamımız azadıq bu dünyada...

~ Anonim, 24 yaş

 

 19. Keçən il sevgilim ilə Gürcüstana getmək istədik. Nəzərə alsaq ki, o vaxt 6 aylıq sevgili idik, anam getməyə icazə vermədi. Dedi: "Ayıbdı nə deyərlər?! Nişanlanarsız, sonra gedərsiz". Mən həmişə inanmışam ki, adamı yaxşı tanımaq üçün ya eyni evdə yaşamalısan, ya da onunla səyahətə çıxmalısan. Camaatın dediyinə qulaq assaq, kimisə yaxşı tanımadan onunla evlənməli, uşaq dünyaya gətirməli, daha sonra onun yaxşı biri çıxması üçün dua etməliyik. Yaxşı olmasa da, boşanıb yenə başqalarının dilinə düşməliyik. Ya da boşanmadan ömür boyu nəyinsə və ya kiminsə xətrinə həyatımızı korlamalıyıq. Həmin vaxtı bacıma əgər anamdan getməyə icazə ala bilsə, Gürcüstandan çaxır gətirməyi söz verdim. 1 ay ikimizn də yalvarışlarından sonra, axır ki, anam icazə verdi, hətta hava limanında özü də sevgilim ilə tanış oldu.

 

 ~ Anonim, 24 yaş

 18. "Başqaları nə deyər?!" düşüncəsi ilə yaşayan insanlardan olmamışam. Nə yaxşı ki, ailəm də hər zaman mənim qərarlarımın arxasında durur. Beləliklə, hər gün bir az daha xəyallarıma, hədəflərimə doğru irəliləyirəm. Ailə böyük şansdır, xüsusilə də anam olmasa, bu həyatda bu qədər güclü olmazdım. Bütün insanlara tövsiyəm kim nə deyər qorxusuyla yaşamayın. Kim olduğunuzu gizlətməyin.

~ Nərmin, 19 yaş

 17. Özümü bildim biləli çox nikbin olmuşam, özümü dərk etdikdən sonra isə bu enerjimlə fərqləndiyimi hiss etmişəm. Ailəm çox mental bir ailə olub və evdə qardaşlarım və bacımdan seçildiyimə görə, yəni fərqli istəklər və davranışlarda olduğuma görə çətinliklər yaranıb. Mən isə heç vaxt nəyəsə görə mübarizəmdən əl çəkməmişəm. Hər zaman özümə inamım və nikbinliyimlə hər şeyi bacaracağımdan əmin olmuşam. Görünüş olaraq da rəngarəng olduğuma görə qıraqdan həmişə qınaq obyekti olmuşam, amma bu mənim bir qram belə vecimə olmayıb, çünki mən Əfruzam və özüm olaraq hər şeyi yaşayacağam. Bunu heç vaxt unutmayın ki, insan istədiyi hər şeyi bacarmağa qadirdir, sadəcə olaraq həqiqətən istəsin. Hər problemi yaşaya bilərsiniz, amma unutmayın ki, qar yağdığı zaman dağın daşıya biləcəyi qədər qalır dağın üstündə. Hər problem də sizin daşıya biləcəyiniz qədər olur, problemlərinizin arxasına gizlənməyin. İnsan başına gələnləri deyil, başına gələnlərə yüklədiyi mənanı yaşayır. Yəni siz həyatınızda olanlara verdiyiniz yaxşı, yaxud pis mənanı yaşayırsınız. Həyat çox gözəldir, yaşamaq çox gözəldir. Nə olur olsun, sevgi ilə yaşayın. İnsanlardı da... Bəzən danışırlar, bəzən qınayırlar, bəzən baxırlar. Boşluqdandır, nə etmək olar ki) Sevin getsin. Ən birinci özünüzü sevin. Sevmək, gülümsəmək və qucaqlamaq... Bu 3-nü həyatınızdan əskik etməyin. Mübarizə hər zaman qalibiyyət gətirməsə də, o yolda çox şey öyrədir. Mübarizə edin, sevgi ilə qalın.

~ Əfruz, 21 yaş

 16. Universitetdə təhsil alıram. 2 il sonra xaricdə magistr oxumaq istəyirəm. Amma ailəm razı deyil. Özüm ielts imtahanı üçün evdə hazırlaşıram, kursa da getmirəm. Burdakı yazılanları oxuduqca özgüvənim biraz artır. Hər gün düşünürəm ki, 2 il sonra magistr üçün getmək istəyəndə evdə çox böyük davalar, problemlər olacaq. İndiyə qədər həyatımdakı qərarlarda son söz həmişə ailəmin olub, ona görə məhəl qoymurlar. İndi də elə düşünürlər ki, onlar yox deyirsə, getməyəcəm. Amma qəti qərarlıyam, getməliyəm, burdakı təhsil məni qane etmir. Bu yazını yazanda biraz daha özgüvənli hiss edirəm. Ümid edirəm, 2 il sonra istədiyim universitetdə oxumağa başlayacam və mütləq bura qeyd edəcəm! :)

~ Anonim, 19 yaş

 15. Natamam ailədə doğulub böyümüşəm və istədiyim heç nəyi edə bilməmişəm. Sırf camaat nə deyər cümləsinə görə bütün şeylərdən məhrum olmuşam - oxumaqdan, nəsə sənət öyrənməkdən. Əlimdə olsa, hər şeyi dəyişərdim, amma olmur bəzən... Sırf bu sözə görə gələcəyim sual altındadı. ​

~ Anonim, 17 yaş

 14. Yaşım azdır, təcrübəm də həmçinin. Lakin bacardığım o qədər gözəl şeylər var ki... 2-3 il bundan öncə, hansı ki, o vaxtlar mən 10-11-ci sinif şagirdi idim, hər gün yaşadığım rayonun uzaq bir kəndindən mərkəzinə hazırlığa gedirdim. İnanın ki, yol boyu rastlaşdığım hər baxış, hər salam, hər gülümsəmə için-için bir tənə ilə dolu idi. Mən sadəcə oxuya bilmək üçün hər gün 10 km yolu piyada gedirdim, magistral yoldan rayon mərkəzinə gedən avtobusa minib dərsə gedirdim, axşamüstü isə qayıdırdım. Yağışda, qarda, istidə, soyuqda, xəstəykən... Evimizə gedən qısa yol qəbirstanlıqdan keçirdi. İnanın ki, elə günlər olub, mən orada palçığa bata-bata, qorxu içində yol getməli olmuşam. Müəllimimin mənlə yaşıd oğlu var idi, sonralar o da mənlə bərabər yol getməyə başladı. Dəfələrlə yolda bizim üzümüzə gülürdülər: "Qız uşağının nəyinə lazımdır oxumaq? Kəndçisiniz kəndçiliyinizi bilin. Şəhərlə bəhsə girirsiniz. Oğlanla yol gedib-gəlir" - deyirdilər. Bu hələ ən mədəni şəkildə deyiləni idi. Çox sağolsun ailəm... Məni ərə vermədilər, məni bircə dəfə olsun yol yoldaşıma görə danlamadılar. Dəfələrlə telefonuma zəng gələndə atam açıb yol yoldaşımla danışıb. Anam savadsız bir qadındır, amma həmişə: "Qızım sən güclüsən. Sən ətrafındakı neçə-neçə insanın, neçə-neçə kişinin bacarmadığını edirsən" - deyib dəstək olurdu. "Başqaları nə deyər?"... Başqaları həmişə nəsə deyəcək. Unutmayın ki, rəy bildirmək işin içində olmayanların işidir. Məqsədinizi itirməyin, bildiyinizi edin. 

~ Anonim, -

 13. Universitetdən məzun olduqdan sonra ölkələri gəzməyə başladım. Vizasız gedə biləcəyim ölkələri tapdım və qərara gəldim ki, ilk bu ölkələrdən başlayım. Bir neçə ölkə gəzdim və getdiyim hər yerdə balaca döymə etdirmək qərarına gəldim. Bu ölkələrdən mənə hər zaman yanımda daşıya biləcəyim xatirələr qalsın istəyirdim. Gürcüstanda  döyməmi  etdirdiyim  oğlanla dostlaşdıq. Bir il sonra təkrar getdiyim zaman oğlan məni və dostlarımı evinə dəvət etdi. Dedik, güldük, əyləndik, amma bir müddət sonra bu oğlanın mənə qarşı olan davranışlarını bəyənməməyə başladım. Cinsi qısnamaya qədər irəlilədi vəziyyət. Çox qorxdum. Nə edəcəyimi bilmirdim, amma bunu heç kimə deyə bilməzdim, hətta yanımda olan dostlarıma belə. O vaxtdan fərqli olaraq, indi "insanlar nə deyər" düşüncəm qalmayıb bir çox şeyə qarşı, amma bu hadisə ilə hələ də barışa bilməmişəm.

~ Anonim, 27 yaş

 12. Uşaqlıqdan ailəmiz, ətrafımız, filmlər, çizgi-filmlər, nağıllar tərəfindən müəyyən stereotiplər altında yetişdirilirik. Qadınlar gözəl olmalı, daim mühafizə olunmalı və mütləq bir şahzadə tərəfindən xilas olunmalıdır. Belə stereotiplərlə böyüyən bir qadın kimi mən də uzun müddət həyatımda yalnız 1 nəfərə sevgi bəxş edə biləcəyimə və onun da məni olduğum həyatdan xilas edəcəyinə inanaraq böyümüşəm. Ancaq ilk sevgim alınmadı. Ondan sonra birlikdə olduğum adam isə əvvəlində sevgi münasibəti yaşamışdım deyə mənimlə ikinci dərəcəli insan kimi davranırdı. Mən isə ondan ayrıla bilmirdim, çünki məni gördüyü şey olduğuma inanmışdım. Düz 5 il "bu dəfə da ayrılsam, başqaları nə deyər" düşüncəsi ilə bu əzaba məruz qaldım. O illərimə çox heyfim gəlir. Hələ cavan olsam da, ən gözəl illərimi əldən vermişəm kimi hiss edirəm. Bəzən də olan olub, əsas odur ki, bir də belə səhvləri təkrar etməyəcəm deyə düşünərək depressiyadan çıxarıram özümü. Başqalarının nə dediyi önəmli olmasa da, bu yaşananları başqaları ilə bölüşmək psixoloji rahatlıq verir 

~ Anonim, 28 yaş

 11. Uşaqlığım və gəncliyim hər zaman mübarizə mühitində keçdi. Ailəmin ən balacası və tək qız övladı olmağıma baxmayaraq, qardaşlarımdan daha aşağı tutulurdum həmişə. Məktəbdə dərslərimi çox yaxşı oxusam da, ailəm məni gənc yaşda evləndirdi. Məktəbi atmalı oldum. Evləndiyim adam şizofreniya xəstəsi idi. Məni evdən çölə çıxartmırdı, döyürdü, təhqir edirdi. 5 illik evliliyimiz ərzində evdə həbs həyatı yaşamışam. 2 övladım var və onların yaxşı yaşamağı üçün əlimdən gələni etmişəm. O vaxtlar boşanmış uşaqlı qadına yaxşı baxmasalar belə, uşaqlarımı böyütdüm, oxutdum və indiki həyatimdan çox məmnunam.​

~ Sibel, 60 yaş

 10. 4 il əvvəl universitetdə bir oğlanla tanış oldum və sevgili olduq. Bunu anamla paylaşanda məni danışdırmadı. Hardasa 2 ay danışmadıq. Bu münasibətdə problemlər yaşamağa başladım, amma ayrılmaq fikri məni qorxudurdu. Çünki ayrılsam, başqaları və ailəm nə deyər fikirləşirdim. Düşünürdüm ki, mənim düzgün qərar verə bilmədiyimi düşünər, ona görə bir daha belə bir münasibət qurmamağımı deyərlər. Düz 2 il bu münasibəti məhz "ayrılsaq, camaat nə deyər" düşüncəsi ilə davam etdim. Lakin müəyyən müddət sonra gördüm ki, artıq ayrılmaqdan başqa çarəm qalmayıb. Ətrafımdan çox təzyiq oldu. Yaxınlar, tanışlar 2 illik münasibəti niyə bitirdin deməyə başladı. Hətta indiyə kimi bunu deyən insanlar var. Amma ayrıldığım an özümü yeniden yaşamağa başlamış kimi hiss edirdim. Bu münasibət mənə çox şeyi öyrətdiyi üçün özümü hələ də şanslı hiss edirəm. Peşman olmadan, "başqaları nə deyər" deyə fikirləşmədən həyatınızı yaşayın.   

~ Lalə, 23 yaş

 9. Uşaqlıqdan natamam ailədə böyüdüyümə görə, "başqaları nə deyər?!" evimizdə hər zaman aktual mövzu olub. "Xalxın oğluna başını qaldırıb baxma, qısa geyinmə, saçını çox abartılı yığma, ucadan gülmə və s. və i. Sən atasız evdə böyüyürsən və hər bir hərəkətin başqalarının lupası altındadır." İki böyük insanın ailə həyatını davam etdirə bilməməsi mənim bütün arzularımın üstündən xətt çəkib. Uşaqlıqdan kişi peşəsi sayılan peşələrə meylim olub (təyyarə pilotu və ya hər hansı hərbi peşə). Qoymayıblar... Dzyudo ilə məşğul olmaq istəmişəm. Qoymayıblar... Ümumiyyətlə, ailə qurmaq istəməmişəm, kariyeranı ondan önəmli bilmişəm. Qoymayıblar... Məni 22 yaşında öz razılığım olmadan ərə veriblər. Bütün bu yasaqların dalında "başqaları nə deyər?!" durub. Ona görə də, indi "başqaları nə deyər" ifadəsinə davamlı və heç vaxt sağalmayacaq alergiyam var. Ətraf da mənim bu kəlməyə olan reaksiyamı bilir və onu, demək olar ki, heç işlətmir)

~ Anonim, 47 yaş

 

 8. Mənə uşaqlıqda qohumlarım seksual xarakterli hərəkətlər ediblər. Mən onlardan qorxurdum və bunu açıqlamağa da qorxurdum. Amma 13 yaşımda anama bu haqda danışdım. Anam buna çox da önəm vermədi. Həmin qohumum mənim köməksizliyimdən istifadə edərək mənə əl qaldırırdı və qorxudurdu. İçimdə bu fobiya hələ də qalıb. Çox həkim və psixoloq dəyişdirmişəm. O insanların cəzalanmalarını istəyirəm. Onları məhkəməyə vermək istəyirəm. Amma anam onun qohumu olduğu üçün heçnə demir. Anam deyir: "Sən onları məhkəməyə versən, bizim haqqımızda nə deyəcəklər? Bizim nəslimizi rüsvay edəcəksən." Qohum olan qadınların çoxusu buna məruz qalıb və susublar, travmanı içlərində daşıyırlar. Cəmiyyətimiz o qədər xarabdır ki, əgər kişisənsə, gücün, pulun varsa, zəiflə nə istəyirsən edə bilərsən... Amma əslində yox, Allah görür və heç nə cəzasız qalmır. İslamda deyilir ki, məzlum ona qarşı edilən zülmü hər kəsə çatdırmalıdır və mən bunu edəcəm. Mən mənə qarşı edilmiş haqsızlığı, həyatıma və namusuma qəsd etməyə çalışdıqlarını hər kəsə çatdıracam. Mən psixoloqlara getmişdim, psixoloqlar mənə susmağı məsləhət gördülər. Hər şeyi örtməyi. Niyə mən başqalarının iyrənc əməllərini örtməliyəm?? Hətta bir psixoloq mənə susmağı məsləhət gördü ki: "Sənin barəndə nə düşünərlər? Sənin haqqında yaxşı sözlər söyləməzlər". Hər kəs mənə susmağı məsləhət görür. Niyə? Nədən? Mən etmişəm bu iyrənclikləri?? Kimlə paylaşıram, çoxu etiraf edir ki, onlara olunub bu cür hərəkətlər. Hətta oğlanlar belə etiraf edirlər ki, onlar da məruz qalıblar. Mənim indiki hədəfim öz ayaqlarımın üstündə durmaq, gözəl təhsil alıb, gözəl karyera qurmaqdır. Heç kimdən asılı olmayan güclü insan olmaqdır. İnşaaLlah öz ayaqlarımın üstündə durduğum zaman o insanları şikayət edəcəyəm. Sonra bütün haqları tapdalanmış, cinsi istismara məruz qalmış insanlara kömək etməyə çalışacağam.

 

~ Esmira, 22 yaş

 7. Mən ilk dəfə atamdan özümə qarşı fərqli münasibəti qardaşlarım anadan olandan sonra hiss etmişdim. Hələ 4-5 yaşımdaykən qardaşlarıma görə öz velosipedimin arxa oturacağına keçməli olmuşdum. Böyüdükcə atam tərəfdən daha da böyük təzyiq hiss edirdim. Hələ 8-ci sinifdə oxuyanda o mənim geyimimə, sosiyal vaxtıma və gələcəkdə təhsil almağı planlaşdırdığım universitetə belə qarışırdı. Öz fikrimi deyəcək cəsarətim yox idi. 2009-cu ildə xalam oğlu FLEX proqramı ilə 1 illik ABŞ-a təhsil almağa yollandı. Yeni açılmış Amerika mərkəzində könüllü olaraq uşaqlara ingilis dili öyrədirdim. Xarici ölkələrə getməyi, xarici dillər öyrənməyi xəyal edirdim. 1 il sonra mən də evdə heç kimə demədən imtahanlardan keçdim və təqaüd qazandım. Qeyd etmək istərdim ki, anamın həyatımda və formalaşmağımda rolu inanılmaz dərəcədə böyükdür, ancaq o il mənim atamı Amerikaya getməyə icazə verməyə yola gətirməsi mənim və bütün ailəmin həyatını dəyişdirdi. Amerikada təhsil məni çox dəyişdirdi, sakit introvert qızdan özgüvənli, iradəli və əzmkar birinə çevrildim. Artıq 9 ildir ki, müxtəlif ölkələrdə forum və təlimlərə qatılıram, yenidən xaricdə təhsil aldım. Tezliklə Polşaya köçüb işləməyə başlayacam. Ailəm də mənim uğurlarıma baxıb həmişə dəstək göstərir və sevinir. Bəzən düşünürəm ki, anam belə güclü qadın olmasa və atam mənə ABŞ-a getməyə icazə verməsəydi, həyatım necə olardı. Hər nə qədər patriarxal dəyərləri olan cəmiyyətdə yaşasaq da, həyatımız və qərarlarımız bizim məsuliyyətimizdir. Yaşdan asılı olmayaraq, çalışaq seçimlərimizi özümüz edək və bizə bir dəfə verilmiş həyatı istədiyimiz kimi yaşayaq.

~ Anonim, 26 yaş

 6. Hər kəsə salam. Doğulandan bəri bir çox qadın kimi mənim də ətrafımda insanlar çox şeydə yolumu kəsməyə çalışıb. Həmişə "başqaları nə dəyər" deyə fikirləşmək məcburiyyətində qalmışam. Uşaqlıqdan bəri səyahət etmək, başqa ölkələrdə yaşamaq istəmişdim. 8-ci sinifdə oxuduğum zaman artıq yavaş-yavaş seçəcəyim peşə və üniversitet haqqında fikirləşməyə başlamışdım. Qərara aldım ki, başqa ölkədə təhsil almaq xəyalıma yaxınlaşmaq üçün birinci addım ola biler. Türkiyədə təhsil almaq və yaşamaq istədiyimi ailəmə dediyim vaxt problemler başladı: "qız uşağı tək necə gedər? necə yaşayar başqa ölkədə? camaat bizə nə deyər?" və s. 11-ci sinifə qədər bu belə davam etti. Nəhayət, 11-ci sinifdə Türkiyə imtahanlarına 3 ay qalmış hazırlaşmağa başladım. Yüksək bal topladığım üçün bir çox universitetdən qəbul məktubu aldım. 5 il turizm sahəsində təhsil aldım və könüllü işlədim. Tək başıma səyahət edir, camplarda qalır, dağlara çıxır, şəlalələrdə üzürdüm. Həyatımın ən gözəl illərini belə keçirdim. Bütün bunların gerçəkləşmə səbəbi isə mənim yorulmadan ətrafımdakı insanlarla mübahisə etməyim ve qalib gəlməyim oldu. Arzuladığınız həyat üçün mübarizə aparın onsuz da həmişə başqaları nəsə deyəcəklər.

~ Şəbnəm, 24 yaş

 5. Gənc vaxtlarımdan özümə fikir verən, bəzənməyi sevən biri olmuşam. Hər gənc kimi mən də əylənmək, həyatdan zövq almaq istəyirdim. Ancaq valideynlərim məni çox sıxırdı. Hər atdığım addımda həm onları, həm də onların çəkindiyi "başqaları"nın fikirlərini nəzərə almalı idim. İstəyənlərim olurdu, ancaq ciddi fikirləşəni olmurdu deyə, özümə söz vermişdim ki, qapımıza ilk gələnə razılıq verəcəm. Təki məni bu evdən xilas etsin. Elə də oldu, qapımıza ilk gələn məndən yaşca böyük biri ilə ailə həyatı qurdum, övladlarım oldu. Ancaq ailə xoşbəxtçiliyim olmadı. Uzun müddət hər cür təhqirinə, şiddətinə dözsəm də, özümdə güc tapıb boşana bildim. İndi heç bir stereotipə məhəl qoymadan öz həyatımı yaşayıram. Pis və ya yaxşı. Ən azından bilirəm ki, iplər mənim əlimdədir.

~ Təranə, 38 yaş

 4. Mənim həyatımı anam həmişə çox idarə edib. Hicaba keçmək istədiyim zaman məni hədələyirdi. Həmişə cəmiyyəti fikirləşirdi: "Cəmiyyət nə deyər?!" Özü də cəmiyyət üçün yaşayırdı, məni də yaşatmaq istəyir cəmiyyət üçün. Mənə elə gəlir ki, mənim təhsil almağım, universitetə qəbul olmağım cəmiyyət üçün, valideynlərim üçündür. Amma təhsil almağı sadəcə özüm üçün seçdim - "Başqaları nə deyər?!" deyə deyil. Anamın və yaxınlarımın təsəvvüründə mən ağıllı, başıaşağı, hər şeyə susan qız olmalıyam. Müəllimə olub, sonra uğurla bir yaxşı ailəyə gəlin getməliyəm və gəlin olduğum evdə nəslimizi rüsvay etməməliyəm. Amma mən özüm istədiyim kimi yaşamaq istəyirəm. Mənim arzularım çoxdur. İnşaaLlah gerçək olacaq. Müğənni olmaqdan tutmuş, siyasətçi olmağa qədər arzularım var.

~ Esmira, 22 yaş

 3. Bir dəfə soyuqlamışdım və dərsə gedərkən özümlə termosda isti çay götürmək istəmişdim. Termosu çantama qoymaq əvəzinə əlimdə tutmaq istədim, ancaq qapıdan çıxanda nənəm dedi ki, termosu əlimdə götürməyim, camaat baxıb pis başa düşər. Düzü əvvəl pis başa düşüləsi nə olduğunu anlamadım. Ancaq sonradan üzərinə düşündükdə anlayıram ki, bu cəmiyyətdə qadının küçədə hərəkəti belə nəzarət altındadır. İstər geyimi, istər danışığı, gülüşü, istərsə də, əlində saxladığı əşyalar baxımından standartlardan kənara çıxmamalıdır. Bir balaca fərqli element oldumu, dərhal adı tərbiyəsizə, əxlaqsıza, gözü-başı oynayana və s. çevrilir.

~ Dəniz, 21 yaş

 2. Mən uzun müddət özümün özümə qoyduğum sərhədlər çərçivəsində yaşamışam. Bu zaman başqalarının nəsə deməyinə ehtiyac olmayıb, çünki mən özüm özümü məhdudlaşdırmışam. Ancaq bilirəm ki, bu sərhədlər də cəmiyyətin diktəsi ilə formalaşıb. Yeni-yeni özümlə və dolayısı ilə cəmiyyətin qoyduğu məhdudiyyətlərlə vuruşmağı öyrənirəm.

~ Anonim, 25 yaş

 1. Özümü tanıyandan daim bir yerdə qalmamaq, səyahət etmək və dünyanı görmək istəmişəm. Hətta buna görə diplomat olmağa qərar verərək universitetə daxil olmuşdum. Ancaq keçən ilə qədər başqa ölkədə olmamışdım. Çünki mənim də ailəm cəmiyyətdə qadınlar üçün mövcud olan stereotiplərin daşıyıcısıdır - "Tək qız uşağı səyahət edər?!", bəs "Başqaları nə deyər?!". Əlimə düşən imkanları ailəmin bu düşüncəsinə görə əldən verirdim. İşə başlayandan sonra ətrafımda mənim kimi bu düşüncədən əziyyət çəkən və onunla mübarizə aparan cəsur qadınlarla tanış oldum. Onların dəstəyi ilə bir gün "yetər" dedim və ailəmin istəksizliyinə baxmayaraq, hər şeyi - hətta evdən qovulmağı, övladlıqdan çıxarılmağı da gözə alıb xarici səfərə getdim. Atam bir müddət məni danışdırmadı, ancaq nəticədə onun balasıyam. Növbəti səfərimi də dava-qırğınla yola verdikdən sonra artıq öyrəşdi. İndi xaricdə oxumağa hazırlaşıram :) Bu həyat MƏNƏ məxsusdur və yalnız 1 dəfə yaşaya biləcəm. Onu da qadına qarşı stereotiplərə qurban verə bilmərəm!...

~ Mabilə, 25 yaş 

© 2019 created with Wix.com